Labels

Tuesday, May 6, 2014

Təhsilimizi inkişafa aparmış dahi-Heydər Əliyev

Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndərimiz həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.  
İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxma­mış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.
Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Bu mövzunun davamı kimi qeyd edək ki, dahi rəhbərin orta təhsilin qarşısında duran vəzifələrlə bağlı qiymətli tövsiyə və tapşırıqları da bütün zamanlar üçün dəyərini saxlayan əsl fəaliyyət proqramıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev tədris ocaqlarında, o cümlədən orta ümumtəhsil məktəblərində şagirdlərin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların seçdikləri gələcək ixtisaslara uyğun fənləri daha dərindən öyrənməsini lazım bilmiş, bunlarla yanaşı, istisnasız olaraq hər bir şagirdin mükəmməl bilməsi son dərəcə vacib olan fənləri də ayrıca vurğulamışdır: “Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyir, onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bütün bunlar isə təhsilin milli məzmununu müəyyənləşdirən çox mühüm faktorlar kimi düşünülmüş, ciddi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Təhsilin məzmunca milli müstəqilliyimizin prinsiplərinə uyğunlaşdırılmasında humanitar fənlərin, xüsusən Azərbaycan dilinin, tarixinin və ədəbiyyatının tədrisinin mahiyyətcə yeniləşməsini də dahi rəhbər çоx vacib şərt saymışdır. Bu da təsadüfi deyil. Çünki gələcəyin qurucuları оlan yeni nəsillərin milli ideоlоgiyaya yiyələnməsi məktəbdən başlayır və bu işin düzgün təşkili ölkə üçün həyati əhəmiyyətə malikdir. Оna görə də ümummilli liderimiz tövsiyə edirdi: “Milli ideоlоgiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çоx ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər”. Eyni ciddi vəzifələri ulu öndər Azərbaycanın dövlət atributlarının, dilinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi sahələrinə də aid etmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşmişdir. Ulu öndər müstəqil dövlətimizin təhsil sisteminin qarşısında duran böyük işlərə diqqəti yönəldərək deyirdi: “Bu gün biz Azərbaycanda bütün təhsilin – orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar həm qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz əksini tapacaqdır”. Ümummilli lider haqlı olaraq vurğulayırdı ki: “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin”. Müstəqil Azərbaycanda həyata keçirilən təhsil islahatlarının, əsaslı yenidənqurmanın məram, məqsəd və vəzifələri ilə bağlı dahi rəhbərin qiymətli, konseptual fikirləri vardır: “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırsın ... On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”.
 Dahi rəhbər təhsil işçilərinə xitabən deyirdi: “Təhsilin özündə aparılan islahatlar çox vacibdir ... Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada apa­rasınız, formalizmə yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar, həqiqətən, həm Azərbaycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın”. Təhsil islahatlarının sistemli aparılması, bu zaman bütün gələcək nəticələrin təhlil edilib araşdırılması və nəzərə alınması da mühüm əhəmiyyət daşıyır. Təhsilimizin böyük bamisinin qeyd etdiyi kimi: “Biz təhsil sahəsində yeniləşmənin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə eləməyi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız”.
İslahatların zərurətdən doğması, təsadüfi xarakter daşımaması da vacib şərt kimi Heydər Əliyev təlimində lazımınca əsaslandırılmışdır: “Təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara ... yer ola bilməz ... Çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın”.
Bu təhsil sisteminin qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.
Ulu öndərin tapşırığı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq, həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac vermişdir. Ümummilli liderin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 30 mart 1998-ci il tarixli Sərəncamına uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlanmışdır. 15 iyun 1999-cu il tarixli Sərəncamla qəbul оlunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Prоqramı” bu sahədə hərtərəfli inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyasıdır. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-ci il tarixli Fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 ok­tyabr 2002-ci il tarixli Sərəncam da müdrik rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür.Təhsilin istehsalatla əlaqəsinə xüsusi diqqət yetirən xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə 23 avqust 1996-cı ildə “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Qərarın qəbulu və icrası da özünün müsbət nəticələrini verməkdədir.

Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...
Bu gün əminliklə və qətiyyətlə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli quruculuq sahəsində böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir, Azərbaycanın  davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir. 

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru