Yəqinki çoxlarınız bu adı eşitmisiniz. Kim olduğunu isə məqaləmizdən öyrənin !
Bill Qeyts - dünyanın ən zəngin insanlarından biri, kompyuter maqnatı, “Microsoft” korporasiyasının banisi və sahibidir.1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və “First İnterstate Bank”, “Pacific Northwest Bell” və “United Way” Milli Şurasının Direktorlar Şurasının üzvü Meri Maksvelin ailəsində doğulub.
Bill Qeyts ibtidai təhsilini bələdiyyə məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçiriblər. Qeyts humanitar fənlər üzrə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı.
O, məktəb mini-kompyuterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir.
Bu təvazökar, hətta utancaq və azca yöndəmsiz uşaq gələcəkdə riyaziyyat professoru olmağı arzu edirdi və atasına (ucaboylu və müvəffəqiyyətli vəkilə) heç bənzəmirdi.
Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətlərini nümayiş etdirə bilmirdi.
Artıq 1 il sonra Bill ilk kompyuter proqramını, kollecdə oxuyarkən isə “Traf-O-Data” şirkətini yaradır.
Orda gələcək maqnatın sinif yoldaşları işləyirdilər. Onlar yerli hakimiyyət üçün kompyuter proqramları hazırlayır, şəhər nəqliyyatının hərəkət qrafiklərini hesablayırdılar.
Bill küçə hərəkətinin nizamlanması üçün proqram yazanda onun 15 yaşı vardı. Bu layihədə 20000 dollar qazanır. 17 yaşında isə Bonnevil bəndinin enerji bölgüsü üzrə proqram paketinin yazılması təklifini alır.
1973-cü ildə ailə ənənəsinə sadiq qalan Bill Qeyts atası kimi vəkil olmağa hazırlaşaraq Harvard Universitetinin birinci kursuna daxil olur. Lakin onun əvvəlki kimi qapalı və ünsiyyətsiz olması seçdiyi peşə üçün qətiyyən yaramırdı.
1974-cü ilin dekabr ayında Bill Qeyts 397 dollara satılan kompyuter görür. Dostu Pol Allenin sözlərinə görə, onu istənilən şəxs yığa bilərdi. Maşında çatışmayan yeganə şey proqram təminatı idi.
Bill Qeyts və Pol Allen M.İ.T.S firmasının nümayəndələri ilə əlaqə saxlayaraq, onlara “Altair 8800” kompyuteri üçün proqram təminatını (BASİC versiyasını) təklif edirlər.
Bu variant menecerləri razı salır və onlar bu cavan oğlanlara proqramlaşdırma dilləri üzərində işləməyi təklif edirlər. Onlar Yeni Mexikoya gedirlər və beləcə “Micro-soft” (tireni onlar sonralar götürüblər) tarixi başlanır.
Fərdi kompyuterin hər bir iş yerində və hər evdə əvəzedilməz olacağına qəti əmin olan Bill və Pol fərdi kompyuterlər üçün proqram təminatı hazırlamağa başlayırlar.
Bill Qeytsin fərdi kompyuterlərin inkişafının gələcəyini görmək qabiliyyəti “Microsoft”un və proqram təminatı sənayesinin müvəffəqiyyətinin əsas amili olub (1986-cı ildə Microsoft açıq tipli səhmdar cəmiyyətinə çevrilir və həmin il Bill Qeyts milyarder olur.
Qeyd edək ki, o zaman onun 31 yaşı var idi). “Microsoft”un ilk 5 sifarişçisi müflis olur, lakin gənclər ümidini itirmirlər və 1979-cu ildə Sietlə qayıdırlar.
Həmin il Bill Qeyts proqula və dərslərdəki müvəffəqiyyətsizliyə görə universitetdən çıxarılır. Lakin bu, tələbəni elə də məyus etmir, belə ki, Billə “İBM”-dən dünyada ilk fərdi kompyuter üçün əməliyyat sistemi yaratmaq təklifi edilmişdi.
Bill Qeyts 50.000 dollara QDOS (Quick and Dirty Operating System) sistemini əldə edir, adını “MS-DOS”-a dəyişir və “İBM” şirkətinə lisenziyasını satır. Qazanılmış pullar “Microsoft”a bir neçə il ərzində işləməyə imkan yaradır.
“Microsoft”un proqram təminatı ilə “İBM”-in yeni kompyuterinin təqdimatı bazarda əsl sensasiya yaradır. Bir çox şirkətlər lisenziya üçün “Microsoft”a müraciət etməyə başlayırlar.
“Microsoft Word” və “Microsoft Excel” proqram təminatlarını çıxararaq şirkət bazarda mövqeyini daha da möhkəmləndirir. “Microsoft” korporasiyasına daxil olan “Corbis” şirkəti sayəsində Bill Qeyts Bettman və digər fotoqrafların böyük fotokartotekasını əldə edir. Şəkillər elektron formada göndərilmə üçün istifadə olunur.
Növbəti ilə “Microsoft” bazarda “Windows” əməliyyat sisteminin ilk versiyasını təqdim edir. Artıq 1993-cü ildə ay ərzində “Windows” satışlarının ümumi sayı 1 milyonu ötür. 1995-ci ildə “Windows 95” əməliyyat sistemi çıxır və 2 həftə ərzində 7 milyon surət satılır.
“Microsoft”un proqram təminatı o qədər geniş istifadə edilməyə başlayır ki, şirkət Amerika Antiinhisar Komitəsinin nəzər nöqtəsinə tuş gəlir.
1999-cu ildə dairə məhkəməsi “Microsoft Corporation”-ı inhisarçı kimi təsdiq etdikdə onun ABŞ-ın antiinhisar komitəsi ilə yenidən problemləri yaranır. 2000-ci ilin aprel ayında ABŞ-ın Ədliyyə Nazirliyi “Microsoft”u 2 ayrı korporasiyaya bölməyi təklif edir: korporasiyalardan biri “Microsoft Office” və “İnternet Explorer”, digəri isə yalnız “Windows” ilə məşğul olmalı idi.
Bill Qeytsin etirazları ona əsaslanır ki, “Windows” əməliyyat sistemini texniki olaraq “Microsoft”un digər proqramlarından ayırmaq mümkün deyil.
1995-ci ildə Bill Qeyts "Gələcəyə olan yol" (ing. "The Road Ahead") kitabını yazır. O, kitabda cəmiyyətin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar hansı istiqamətdə hərəkət etməsi haqqında öz baxışlarını ifadə edir.
KITABI YÜKƏ : http://www.boxca.com/24lwlmxttf2a/The_Road_Ahead-Bill_Gates.pdf.html
1996-cı ildə, “Microsoft” korporasiyası internet texnologiyalara doğru istiqamətləndikdə Qeyts kitaba əhəmiyyətli düzəlişlər edir.
Kitab “Microsoft”un vitse-prezidenti Natan Mirvoldun (Nathan Myhrvold) və jurnalist Piter Raynarsonun (Peter Rinearson) həmmüəllifliyi ilə yazılıb.
1994-cü il yanvar ayının 1-də Bill Qeyts “Microsoft”un meneceri Melinda Frenç ilə ailə həyatı qurur. Onların 3 uşağı var: 1996-cı ildə Cennifer Katarin, 1999-da Rori Con və Fibi Adel doğulublar.
Ailə qurduqdan sonra Bill Qeyts xeyriyyəçiliyə daha çox diqqət ayırmağa başlayır.
“Microsoft”un istedadlı, lakin təmin edilməmiş tələbələrə (Gates Millennium Scholarship Program) təqaüd verməsi üçün 1 milyard dollar vəsait ayırıb. Bill Qeyts 750000 dollar vaksinləmənin (Global Alliance for Vaccines and İmmunization) inkişafı proqramına qoyub.
1994-cü ildə Qeyts Codex Leicester - Leonarda da Vinçinin işlərinin toplusunu əldə edib. O, 2003-cü ildən Sietlin İncəsənət Muzeyində nümayiş etdirilir.
Bill və Melinda Qeyts xeyriyyəçilik fondunun əsasını qoyublar, fonda səhiyyə və təhsil sahəsində filantrop (xeyriyyəçilik) təşəbbüslərin dəstəklənməsi üçün 17 milyarddan çox dollar əlavə ediblər.
Hal-hazırda Bill və Melinda Qeytsin (Bill and Melinda Gates Foundation) fondu səhiyyə sahəsində işləyən təşkilatlara 300 milyondan çox dollar, maarifləndirici prosesin təkmilləşdirilməsinə, həmçinin kitabxana işi (Gates Library Initiative) sahəsində təşəbbüslərin inkişafına (ABŞ və Kanada əhalisinə kiçik gəlirlə ictimai kitabxanalarda fərdi kompyuterlər və internetlə işləməyə imkan yaradacaq) 300 milyondan çox dollar verib.
54 milyondan çox dollar Sakit okeanın şimal-qərb sahili ölkələrində ictimai layihələrə və illik xeyriyyə kampaniyaları çərçivəsində 29 milyondan çox dollar digər xüsusi layihələrə qoyulub.
2005-ci il mart ayının 2-də Böyük Britaniyanın Xarici İşlər Kabineti elan edib ki, Qeyts Böyük Britaniya müəssisələrinə töhfəsi və dünyada yoxsulluğun azaldılması üzrə səylərinə görə Britaniya İmperiyası Ordeninin Cəngavər-Komandor titulunu alacaq.
2005-ci ilin nəticəsinə görə, Bill Qeyts və onun həyat yoldaşı Melinda Qeyts Amerikanın "Time" jurnalı tərəfindən “ilin adamları” adlandırılıblar.
2007-ci ilin iyun ayının 7-dən Bill Qeyts Harvard Universitetinin məzunu hesab edilməyə başlayıb. Qeytsə diplomu vermək qərarını universitet administrasiyası qəbul edib.
1998-ci ildə Qeyts “Microsoft” korporasiyasının prezidenti vəzifəsindən istefa verib, 2000-ci ildə isə əsas icraçı direktor vəzifəsini tərk edib.
Hazırda hər iki vəzifəni Stiv Ballmer icra edir. Xatırladaq ki, Bill Qeyts və Stiv Ballmer Harvardda oxuyarkən dost olublar.
O, həmçinin, 2008-ci ilin iyul ayında “Microsoft” korporasiyasının Direktorlar şurasının sədri vəzifəsindən getmək istədiyini bildirib.
Öz postundan gedişindən sonra o, özünü tamamilə “Bill & Melinda Gates Foundation” xeyriyyəçilik fondunun idarə edilməsinə həsr etmək niyyətində olduğunu açıqlayıb.
2008-ci il iyun ayının 27-i tarixi Bill Qeytsin “Microsoft” rəhbəri kimi son günü olub. Buna baxmayaraq, o, şirkətlə əlaqələrini həmişəlik kəsmir və Direktorlar şurasının sədri olaraq qalır (lakin icraçı səlahiyyətləri yoxdur).
Bill Qeyts çox oxuyur, həmçinin qolf və bric (İngiltərə və Amerikada geniş yayılmış qumar oyunu) oynamağı sevir.
Maraqlı şəxsiyyətlərdən biri olub Bill Qeyts . Oxuduğunuz üçün təşəkkürlər.Növbəti məqaləyədək
(c) ictnews.az
tesekkurler, cox az melumatim variymis
ReplyDelete